Əsas Səhifə > Manşet, Ölkə > "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm"

"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm"


Bu gün, 10:31
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm"
Dünən Naxçıvan şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə etirazçı müəllim Səriyyə Qənbərovaya qarşı şikayətə baxılıb. Ondan şikayət edən isə, adı korrupsiya və rüşvətxorluqda hallanan məktəb direktoru Asudə Məmmədovadır. Direktor öz şikayətində iddia edir ki, müəllim onu döyüb. Lakin, bir müddət əvvəl sosial şəbəklərdə yayılan videoda müəllimin özünün direktor və ətrafı tərəfindən hücuma məruz qaldığı görüntülənir. O, bu zorakılıqla bağlı məhkəməyə müraciət etsə də, şikayəti araşdırılmayıb.
Səriyyə Qəmbərova “Gündəlik Naxçıvan“a bildirir ki, təşkil olunan məhkəmə ona qarşı növbəti təzyiq vasitəsidir və bu yolla onu susdurmağa, korrupsiya hallarını dilə gətirməməyə, etdiyi şikayətlərdən geri çəkilməyə məcbur etmək istəyirlər. O, bu təzyiqlərin arxasında yerli təhsil naziri Elxan Nəcəfovun dayandığını iddia edir.
Etirazçı müəllim bildirir ki, dünənki prosesdə direktorun saxta şahidləri ifadə veriblər:
“Hələlik adlarını çəkmək istəmədiyim iki xadiməni üzümə durdurdular. Onlar yalan ifadə verərək bildirdilər ki, guya mən direktoru döymüşəm. Xadimələrin özlərinin məhkəməyə təqdim etdiyi görüntülərdə isə, bununla bağlı heç bir sübut yoxdur. Buna baxmayaraq, hakim onların tərəfini saxlayırdı. O, mənim hücuma məruz qaldığımla bağlı video görüntüləri təqdim etməyə icazə vermədi. Tərəf tutduğu açıqca görünürdü. Onu bu etinasızlığı, tərəf tutmağı bu işin sifarişli olduğundan xəbər verir. Birləşib, məni susdurmağa çalışırlar. Mən isə susmayacağam və sonuna qədər mübarizə aparacağam. Bunu məhkəmədə də bildirdim.
Mən baş hakim Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm. Çünki, direktorun məni təhqir etməsi, onun dövlət vəsaiti mənimsəməsi ilə bağlı bundan əvvəlki faktlarla təqdiyim etdiyim şikayətlərdə əsassız olaraq mənim əleyhimə qəraralar çıxarıb. Bunun yerinə guya mənim onu təhqir etdiyimi əsas gətirib, mənim min manat cərimə olunmağımla bağlı qərar çıxarıb. Yəni, açıq-aydın tərəf saxlayır.”
Səriyyə Qənbərova bildirir ki, özünün döyülməsi ilə bağlı 4 ay əvvəl etdiyi şikayətə məhkəmə baxmaq istəmir:
“Döyülməklə bağlı öncə mən müraciət etmişdim, məhkəmə hələ də baxmaq istəmir. Bundan sonra direktor şikayət edib. Necə olur ki, mənim şikayətimə baxılmır, direktorun şikayətinə baxılır. Həm də saxta şahidlərin ifadələrinə əsaslanaraq.”
Növbəti məhkəmə prosesi mayın 30-na təyin olunub.
Səriyyə Qənbərova ötən ilin oktyabrına qədər Naxçıvan şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. Buradakı korrupsiya və digər qanun pozuntularını ictimailəşdirdikdən sonra öncə məktəbdə döyülüb, daha sonra isə işdən qovulub. İki övlad anası olan müəllim hazırda işsizdir. O, işdən qanunsuz çıxarılması ilə bağlı məhkəməyə şikayət etsə də, hələlik heç bir nəticə əldə edə bilməyib.

Geri qayıt