
Deputat Elşad Musayev: “Atanın uşaqlara baxdığı, ananın isə imtina etdiyi sübuta yetirilərsə, həmin müavinat ataya verilməlidir”
Hər kəsə bəllidir ki, Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli Fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:
“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.
Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı, yəni altıncı uşağı bir yaşına çatdıqda dövlət tərəfindən sosial yardım məqsədilə aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.
Müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin aşağıdakı hallardan biri baş verdikdə müavinətin ödənişi dayandırılır:
1. Müavinəti alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
2. Uşağın 18 yaşı tamam olduqda.
Bildiyiniz kimi, ölkəmizdə uşaqlarını atan valideynlər də az deyil. Bəzən isə boşanma halları olur və yaxud da hər iki valideyn uşaqlarından imtina edir. Bəs, bu halda qanun necə tənzimlənir?
Qeyd edək ki, bir neçə gün bundan qabaq Ağcabədi sakini olan 6 uşaq atası tərəfindən mövzu ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi bildirir ki, həyat yoldaşından ayrıldıqdan sonra uşaqların anası onları atıb və tamamilə uzaqlaşıb. Bu səbəbdən, boşanmadan sonra uşaqlara tək baxıb. Əlində boşanma və keçmiş yoldaşının uşaqlardan imtina etməsi haqqında sənəd də var.
Ata gecdə olsa öyrənir ki, çoxuşaqlı ailələrə dövlət tərəfindən sosial müavinat düşür. Bununla bağlı nazirliyə müraciət edir və imtina cavabı alır. Səbəb olaraq bildirirlər ki, bu ödənişi ancaq uşağın anası ala bilər.
Bundan sonra 6 uşaq atası vaxt itirmədən məhkəməyə müraciət edir. Gəncə Şəhər Məhkəməsinin hakimi müraciəti əsassız sayaraq, ataya həmin müavinatın düşmədiyi haqda qərar qəbul edir. Beləliklə, 2-3 məhkəmə prosesi keçən şikayətçi hazırda uşaqlarının haqqı olan məbləği ala bilmir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Musayevlə həmsöhbət olduq. O bildirdi ki, hansısa ailənin 6 uşağı varsa, qanuna görə, hər uşağa 105 manat müavinat ayrılır: “Əgər ana sağdırsa və uşaqlar anadadırsa, həmin müavinat anaya verilir. Amma boşanma halı və məhkəmə qərarı varsa, bu zaman vəziyyət dəyişir. Yəni bu halda həmin müavinat uşaqlara sahib çıxan ataya verilməlidir. Məhkəmə zamanı atanın uşaqlara baxdığı, ananın isə imtina etdiyi sübuta yetirilərsə, məhkəmənin qərarından sonra həmin müavinat ataya veriləcəkdir.
Qeyd etdiyiniz fakta gəldikdə, ola bilsin, atanın əlində müvafiq sənədlər olmadığından, hakim bu cür qərar qəbul edib”.